×
A
A
A
Sazlamalar

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

Bakı, 25 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin altıncı həftəsində tədbirlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həftənin 5-ci günündə psixoloqlarla görüşlər və hoteldaxili əyləncə saatı təşkil olunub.
Ardınca isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla və Milli Məclisin deputatları Fatma Yıldırım, Tamam Cəfərova, Jalə Əhmədova və Ceyhun Məmmədovla uşaqların görüşü baş tutub. Rəsmilər iştirakçılarla xatirələrini və təcrübələrini bölüşüb, onların çoxsaylı suallarını cavablandırıblar.
Həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən hakaton təşkil olunub.
Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.
Estrada müğənnisi Sevda Yahyayevanın iştirakı ilə keçirilən konsert proqramında uşaqlar mahnıları ifa edib, birlikdə rəqs ediblər.
Bununla da düşərgənin altıncı həftəsinə yekun vurulub.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” oteli, baş sponsoru “Bakcell”, sponsorları “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

Sosial 2023-08-25 12:04:00