×
A
A
A
Sazlamalar

Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?

Bakı, 24 avqust, AZƏRTAC

Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün - əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın girov qoyulması, əmlakın sığorta olunması, investisiya qoyuluşları, hüquqi şəxslərin yaradılması və yenidən təşkili (ləğvi, ayrılması, birləşməsi), habelə məhkəmələrdə əmlak mübahisələri zamanı aparılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə rəhbəri Nahid İbrahimlinin sözlərinə görə, qiymətləndirmə fəaliyyəti mühasibat uçotu standartlarında və vergi uçotunda da öz əksini tapır. Lakin əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir və xərclər müəssisənin vergi məqsədləri üçün mənfəətin hesablanması zamanı nəzərə alınmır:” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.5 -ci maddəsinə əsasən, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti sayılmır. Əmlakın hansı məqsəd üçün qiymətləndirilməsi tərəflər (qiymətləndirici və sifarişçi) arasında əmlak qiymətləndirilməsi üzrə bağlanacaq müqavilədə müəyyənləşdirilməlidir. Çünki qiymətləndirmə fəaliyyətinin məqsədi qiymətləndirmənin yanaşma və metodlarının, dəyər növlərinin seçilməsi üçün əsas olur”.
N.İbrahimli qeyd edib ki, qiymətləndirmə fəaliyyətini aparan şəxslər qiymətləndiricilər adlanır, onlar əmlakın qiymətləndirilməsi (dəyərin müəyyən edilməsi) və müvafiq hesabatların tərtib edilməsi ilə bağlı olan mütəxəssislərdir. Qiymətləndiricilər təhsil, xüsusi hazırlıq, səlahiyyət və peşəkar biliklərin üzə çıxarılması nöqteyi-nəzərindən ciddi tələblərə uyğun olmalıdırlar. Onlar, eyni zamanda, yüksək etik normalara və peşəkar fəaliyyət standartlarına əməl etməli, habelə Ümumi Qiymətləndirmə Prinsiplərinə riayət etməlidirlər.
Ümumilikdə isə Azərbaycan Respublikasının qanunlarında başqa hal nəzərdə tutulmayıbsa, qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilir.



Maliyyə 2023-08-24 22:53:00