×
A
A
A
Sazlamalar

Polşanın bəzi ərazilərində qeydə alınmış quş qripi xəstəliyi aradan qaldırılıb

Bakı, 24 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Lodz, Opolsk, Kuyavsk-Pomorsk, Varminsk-Mazursk, Mazoviesk, Lyubelinsk, Pomorsk, Slask, Velikopolsk və Malopolsk inzibati ərazilərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb və həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Sosial 2023-08-24 16:30:00