×
A
A
A
Sazlamalar

Əmanətlərin daha çox cəlbi kredit faizlərinin aşağı salınması baxımından əhəmiyyətlidir

Bakı, 23 avqust, AZƏRTAC

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata enib. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
“Sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür. “Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Lisenziyası ləğv olunan zaman həmin bankın depozit portfeli 82 milyon 507 min manat idi. Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir”, - deyə ekspert qeyd edib.

Maliyyə 2023-08-23 10:48:00