×
A
A
A
Sazlamalar

İstehlakçı müraciəti əsasında “Təndirçi”də yoxlama aparılıb

Bakı, 22 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Səbail rayonunda Ə.Gülbalayev küçəsi, 9 ünvanında fəaliyyət göstərən “Təndirçi” qida obyektində antisanitar vəziyyətin olması ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Hüseynova Mahirə Əhəd qızına məxsus qida obyektində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Obyektdə xammal və inqrediyentlərin xarabolma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmadığı, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, sanitar qovşağın emal sahəsində yerləşdiyi, tullantıların ağzı kip zibil qutularında saxlanılmadığı, mexaniki havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövrü tibbi müayinələrdən keçmədiyi və dolablar, sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub- geyinmə otaqları ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, qanunvericiliyə uyğun tədbir görülüb.

Sosial 2023-08-22 11:55:00