×
A
A
A
Sazlamalar

AQTA-nın sektor müdiri pestisidlərlə bağlı Türkiyədə keçirilən görüşdə iştirak edib

Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Cavidan Quliyev “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və Davamlı Üzvi Çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi" mövzusu üzrə Layihənin Rəhbər Komitə Üzvlərinin III Görüşündə iştirak edib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində reallaşdırılan görüş Türkiyənin Antalya şəhərində təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir layihə çərçivəsində görülmüş işləri nəzərdən keçirmək, pestisidlərin dövriyyəsi sahəsindəki problemləri müzakirə etmək, layihənin iş planını və onun müvafiq büdcəsini təsdiqləmək, əldə olunmuş təcrübələri bölüşmək və qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilib.
Görüşdə pestisidlərin Türkiyədə qeydiyyat sistemi və onların QR kodla izləmə sisteminin təmin edilməsi üzrə görülmüş işlər barədə məlumat verilib. Həmçinin həmin sistem vasitəsilə Türkiyədə istehsal olunan və bu ölkəyə gətirilən preparatların etiketlərinə əlavə edilmiş QR kodla onların dövriyyəsinin bütün mərhələlərində izlənə bilmənin təmin olunması, o cümlədən boş pestisid qablarının idarəedilməsi mexanizminin müsbət tərəfləri barədə məlumatlar diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılar Antalyada istixana şəraitində bitkilərin tozlandırılmasında istifadə edilən yabanı arıların yetişdirilməsi mərkəzi olan “Biobest” müəssisəsinə, bitkilərin xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin aparılması məqsədilə istifadə edilən canlıların çoxaldıldığı "Biomortis" müəssisəsinə və bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satış mağazasına baxış keçiriblər. Eləcə də onlar zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri ilə tanış olmaq üçün İsparta şəhərindəki IPM sınaq alma bağlarında olublar. İsparta Meyvəçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən iştirakçılara aparılmış elmi-tədqiqat işlərinin nəticələri, IPM işləri və onun faydaları barədə məlumat verilib.
Tədbir çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlərlə keçirdiyi görüşlərdə layihə çərçivəsində Azərbaycanda həyata keçirilməsi planlaşdırılan işlərə dəstək verilməsinə dair məsələlər müzakirə olunub.

Sosial 2023-08-22 11:02:00