×
A
A
A
Sazlamalar

Rusiya və Şotlandiyadan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Bakı, 18 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Şotlandiyanın Haylənd və Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən, zonalaşma prinsipi nəzərə alınmaqla xəstəlik baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasından, Şotlandiyanın Haylənd və Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

 

Sosial 2023-08-18 18:35:00