×
A
A
A
Sazlamalar

Seysmoaktiv bölgələr üçün proqnozlaşdırıla bilməyən zəlzələlərin olması xarakterikdir

Bakı, 15 avqust, AZƏRTAC

Son illər dünyada baş verən zəlzələlər insanlarda ciddi narahatlıq doğurur. Azərbaycan da seysmik zonada yerləşir. Bu baxımdan ölkəmizdə zəlzələ riskinə qarşı hansı tədbirlərin görülməsi zəruridir?
Bu barədə AZƏRTAC-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov bildirib ki, seysmoaktiv bölgələr üçün heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir.
Azərbaycanda da bu günlərdə kiçik zəlzələlərin müşahidə edildiyini söyləyən sektor müdiri deyib: “Ölkəmizin seysmoaktiv zonada yerləşməsini nəzərə alan dövlətimiz bina tikintisi ilə məşğul olan sahibkarlara zəlzələ ilə bağlı ehtiyatlı davranmaq üçün bütün zəruri prosedurların yerinə yetirilməsini prioritet vəzifə kimi qarşıya qoyub və bu sahədə ciddi nəzarət həyata keçirilir. Lakin mənzil tikintisi sahəsində ixtisaslaşmış şirkətlərin vətəndaş və dövlətçilik məsuliyyəti burada xüsusi rol oynayır”.
Ekspert vurğulayıb ki, ölkədə baş verən kiçik ballı zəlzələlərin qeyd alınması, eləcə də qardaş Türkiyədə avtoşokların yaşanması, bölgənin coğrafi mövqeyinin də mütləq şəkildə nəzərə alınmalı olduğunu göstərir. Odur ki, binaları inşa edərkən yaşayış binalarının konstruksiyasının zəlzələyə davamlılığına sahibkarlar məsuliyyət daşımalıdırlar: “Ümid edirəm ki, dövlətimizin bu sahədə gördüyü məqsədyönlü işlər, xüsusilə də nəzarət tədbirlərinin güclü olması Azərbaycanda baş verə biləcək istənilən zəlzələnin ciddi fəsad törətməməsi ilə nəticələnəcək”,-deyə T.İsmayılov qeyd edib.

Tikinti̇ 2023-08-15 06:23:00