×
A
A
A
Sazlamalar

“Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:
1.1. “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu və 6.2-ci maddələrində, 8.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.2-ci, 16.2-ci, 18.3-cü maddələrində, 20.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.4. həmin Qanunun 8.1-ci maddəsinin birinci cümləsində və 20.1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 9.2-ci, 16.2-ci maddələrində və 20.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 18.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 1.1.9-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.1.3. həmin Qanunun 20.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş kosmik fəaliyyət subyektlərinin Azərbaycan Respublikasının kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
3.1. “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq, xarici kosmik obyektdən Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2023-08-04 16:49:00