×
A
A
A
Sazlamalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi 94 faizdən çox zəng qəbul edib

Bakı, 2 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ümumilikdə 125 min 768 zəng daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 26 min 833, əlillik məsələləri ilə bağlı xəttinə 7 min 888, göndərişlərin verilməsi ilə bağlı xəttinə 8 min 547, koronavirusla bağlı xəttinə 1531, operator ilə əlaqə xəttinə isə 80 min 969 zəng daxil olub.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:
• Müayinə və müalicə ilə bağlı - 52 min 790 müraciət
• Dərman və tibbi sərflə bağlı – 9 min 142 müraciət
• Tibbi sənədlərlə (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.) bağlı - 6 min 188 müraciət
• Təcili tibbi yardım xidmətinin təmin edilməsi ilə bağlı - 3 min 61 müraciət
• Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı - 1631 müraciət
Qeyd edək ki, Çağrı mərkəzi Azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Həmin müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 2 min 269 zəng daxil olub.
Yanvar-iyun ayları ərzində ümumilikdə daxil olan zənglərin 94.81 faizi cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.40 faiz təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nda müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90 faiz və 80 faiz) aşıb.
Onu da qeyd edək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.
Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.
Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

Səhiyyə 2023-08-02 16:31:00