×
A
A
A
Sazlamalar

Qida məhsullarının zənginləşdirilməsinin əhəmiyyəti və yod çatışmazlığının aradan qaldırılması yolları

Bakı, 2 avqust, AZƏRTAC

Məhsulların qida dəyərinin yüksəldilməsi və nutriyent (vitamin, mineral, zülal, yağ, karbohidratlar) çatışmazlığı səbəbindən yaranan xəstəliklərin profilaktikası məqsədilə məhsullara müəyyən xüsusiyyətlərin verilməsi üçün onlarda əvvəlcədən olmayan və ya yetərincə olmayan, yaxud emal prosesində itirilmiş bir və ya daha artıq inqrediyentin və digər maddələrin əlavə edildiyi qida məhsulları zənginləşdirilən qida məhsullarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin böyük mütəxəssisi Aynur Həsənovanın hazırladığı elmi məqalədə bəhs olunur.
Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyü, süd və süd məhsulları, alkoqolsuz içkilər, hazır xörəklər və s. aiddir və onun düzgün aparılması qida məhsullarının dadına, rәnginә, görünüşünә və təzəliyinə mənfi tәsir göstәrmir, yararlılıq müddətini azaltmır.
Hazırda dünyada məcburi zənginləşdirmə proqramları tətbiq olunur. Bunların arasında unun zənginləşdirilməsi və duzun yodlaşdırılması proqramları xüsusi yer tutur. Belə ki, 1990-2008-ci illər ərzində dünyada yodlaşdırılmış duz istehlak edən ev təsərrüfatlarının sayı 20 faizdən 70 faizə qədər yüksəlib. Buğda ununun məcburi zənginləşdirilməsi ilk dəfə 1942-ci ildə tətbiq olunub və hazırda 85 ölkədə bu proses həyata keçirilir. Şimali və Cənubi Amerika ölkələrində anadangəlmə qüsur riskini azaltmaq üçün buğda ununa fol turşusunun əlavə edilməsi məcburidir. Bundan başqa, hazırda 27 ölkədə yağın A vitamini ilə zənginləşdirilməsi məcburi olub. Həmçinin 14 ölkə südün zənginləşdirilməsini məcburi edib. Bunlardan 11-i südü A və D vitaminləri ilə zənginləşdirir. Kosta Rikada südün zənginləşdirilməsi üçün əlavə olaraq dəmir və fol turşusundan, Çin və Kanadada isə kalsiumdan istifadə edilir. Şəkərin A vitamini ilə zənginləşdirilməsi ilk dəfə 1975-ci ildə Qvatemalada tətbiq olunub. Nəticədə A vitamini çatışmazlığı 22 faizdən 5 faizə qədər azalıb. Malavi, Mozambik, Nigeriya, Ruanda, Zambiya və Zimbabvedə şəkərin məcburi zənginləşdirilməsinə dair proqramlar var.
Statistikaya görə, dünyada 1,88 milyard nəfər, o cümlədən 241 milyon məktəbyaşlı uşaq yod çatışmazlığından əziyyət çəkir. Sutkalıq yod dozası yaşı 6-dək olan uşaqlar üçün 90 mkq, 6-12 yaş arasındakı uşaqlarda 120 mkq, yaşı 13-dən yuxarı olan və yetkin insanlarda 150 mkq təşkil edir. Hamilə və loktasiya dövründə olan qadınlar isə sutkada 250 mkq yod qəbul etməlidirlər. Təəssüf ki, yer kürəsi əhalisinin təxminən üçdəbir hissəsi təbii yodun mövcud olmadığı yerlərdə yaşayır. Yod çatışmazlığına qarşı aparılan ən geniş yayılmış mübarizə strategiyası duzun yodlaşdırılmasıdır və hazırda dünyanın 120 ölkəsində həmin üsuldan istifadə olunur. Bir çox ölkələr bu işdə uğur qazanıb. Qeyd edək ki, süd məhsulları da yod mənbəyi hesab edilir. Odur ki, süd verən heyvanların yem məhsullarının yodlaşdırılması da əsas məsələlərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 1991-ci ildə yod çatışmazlığı ictimai sağlamlıq problemi kimi qəbul olunub. Yod qalxanabənzər vəzinin tiroid hormonunun ifrazı üçün vacib mikroelementlərdən biridir və orqanizmin boy artımında, metabolizm proseslərinin inkişafında və tənzimlənməsində iştirak edir. Qidaların tərkibində yodun olması torpağın yod tərkibindən asılıdır. Ona görə də torpaq və suda yodun konsentrasiyasının aşağı olması bitki və heyvanlarda yod çatışmazlığına səbəb olur. Buna görə də müxtəlif rayonlar üzrə əhali populyasiyasının sağlamlığı həmin ərazidəki qida mənbələrindən asılı olduğu üçün qida məhsullarına yodun əlavə olunması, xüsusilə də natrium xloriddən ibarət duz kristallarının yodla zənginləşdirilməsi geniş yayılıb. Yod çatışmazlığı ilə əlaqəli ən yüksək risk qrupuna daxil olanlar yeniyetmə qadınlar və yeni doğulmuş uşaqlardır. Bu hal yeni doğulmuş uşaqların psixi inkişafında risk yaradır. Ana südü isə 6 aya qədər uşaqlar üçün yeganə yod mənbəyi ola bilər.
Duz dünyanın demək olar ki, bütün ölkələrində əhali tərəfindən gündəlik istehlak edilən qida məhsuludur və yodla zənginləşdirmə üçün çox uyğun qida məhsulu hesab edilir. Yodlaşdırılma duz əlavə olunan qida məhsullarının dadına və ya qoxusuna təsir etmir. Bundan əlavə, duz bir çox emal edilmiş qida məhsullarının (bulyon kubları, ədviyyatlar, hazır şorbalar) əsas inqrediyenti olduğu üçün həmin məhsullar yodla da zənginləşmiş olur.
Duza qatılan yodun miqdarı sutkalıq istehlak edilən duzun miqdarına uyğun olmalıdır. Duz əsas natrium mənbəyi olsa da, onun normadan artıq istehlakı hipertoniya, ürək-damar sistemi xəstəlikləri və insultla nəticələnə bilər. Natrium istehlakının normadan az olması isə arterial qan təzyiqinin aşağı düşməsi və bununla əlaqəli qeyri-infeksion xəstəliklərin yaranma riskini artırır.
Dünya tәcrübәsinə əsasən, qidaların zәnginlәşdirilmәsi qidalanma ilə əlaqədar yaranan bir sıra xәstәliklәrin aradan qaldırılmasına kömək edir. Müxtəlif ölkələrdə aparılan 50 tədqiqatın təhlili göstərib ki, qidaların yod, fol turşusu, A vitamini və dəmirlə zənginləşdirilməsi ciddi xəstəliklərin kəskin azalmasına səbəb olub. Bu baxımdan dünyada hazırda 2 milyard nəfərin əziyyət çəkdiyi anemiyanın əsasən dәmir çatışmazlığından baş verdiyini nәzәrә alsaq, qida məhsullarının dəmir preparatları ilə zənginləşdirilməsi yolu ilə onun da qarşısını almaq mümkündür. Bu, artıq təcrübədə də təsdiqlənib. Belə ki, Çindә soya yağına dәmirin әlavә edilməsi anemiya hallarının üçdəbir hissəsinin aradan qaldırılması ilə nəticələnib. Çilidә buğda ununa fol turşusu (B9 vitamini) әlavә olunduqdan sonra bir il әrzindә onurğa kanalının tam bitişməməsi hallarına rastgəlmə tezliyi 51 faiz azalıb. Hindistanın Karnataka ştatında duzun dəmirlə zənginləşdirilməsi on ay ərzində məktəblilər arasında anemiya hallarını 16,8 faizdən 7,7 faizə qədər azaldıb. Braziliyanın San-Paulu şəhərində A, D vitaminlərindən və dəmirlə zənginləşdirilmiş süddən istifadə nəticəsində anemiya 62,3 faizdən 26,4 faizə enib.

 

Sağlamlıq klubu 2023-08-02 15:43:00