×
A
A
A
Sazlamalar

Körpələrin yay aylarında bələnməsinə xüsusi diqqət göstərmək lazımdır

Bakı, 2 avqust, AZƏRTAC

Körpələrin yay aylarında bələnməsinə daha çox diqqət göstərmək lazımdır. Uşaqlar günəş şüalarının ən çox təmas etdiyi otaqda yatmalı, lakin temperatur 24 dərəcədən yüksək olmamalıdır. Mütəxəssislər yeni doğulan körpələri isti havada qalın parça ilə bələməyi tövsiyə etmir.
AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı həkim-neonatoloq Rəna Aloyeva deyib: “Əvvəllər uşaq qolları, ayaqları yığışdırılaraq sıx şəkildə bələnirdisə, indi bu cür bələmək tövsiyə olunmur. Bu cür bələmələr bud-çanaq oynağında çıxıqlara səbəb olur. Bundan başqa, şübhəli də olsa ani uşaq ölümünə səbəb ola bilər”.
Neonatoloqun dediyinə görə, körpələrin bələnməsinə ehtiyatlı yanaşmaq lazımdır: “İndi uşaqların bələnməsi daha boş, qolları daha sıx şəkildə, bud-çanaq oynağı isə daha boş şəkildə aparılır, yəni uşaq öz ayaqlarını bud-çanaq və diz oynağında hərəkət etdirə bilməlidir. Buna yarımbələmə və ya bud-çanaq oynağını sərbəst buraxma şəklində bələmə də deyilir”.
Həkim-pediatr Günay Rəsulova isə valideynlərdə yeni doğulan körpələri bələmək vərdişinin olduğunu qeyd edib: “Təəssüflər olsun ki, bələmək gələcəkdə uşağın sağlamlığında çox ciddi fəsadlara səbəb olur. Bilməliyik ki, bələnən uşaqların ayaqları tam tarım çəkilərək hərəkətsiz qaldığına görə bud-çanaq oynağında qan dövranı zəifləyərək pozulur və onlarda bud-çanaq oynağı problemi yarana bilər. Ona görə də normal bud-çanağının inkişafı üçün uşağın ayağının hərəkətli tutulması və hərəkət zamanı oynaqda qan dövranını yaxşı olması şərtdir”.
Həkim-pediatr Ruhiyyə Yusifova isə təxminən 2 ayına qədər, xüsusilə də gecələr körpələrin hərəkətlərini tam məhdudlaşdırmamaq şərti ilə rahat şəkildə bələnməsini məsləhət görüb: “Hər bir körpənin orqanizmi fərqlidir. Əgər uşaq səksənmə olmadan, rahat yatırsa, onda bələməkdən tamamilə imtina etmək olar. Valideynlər uşaqlarını anlamağı və ehtiyaclarını başa düşməlidir. Bəzi körpələr bir ay sonra bələmədən çıxa bilər, bəzi uşaqlara isə daha çox vaxt lazım olur”.
Mütəxəssislərin rəylərinə əsasən qeyd edək ki, körpə üçün bələmənin faydalar var. Bələnmə zamanı uşağın qolları bir az sıxıldığı üçün o, özünü ana bətnindəki kimi rahat hiss edir və daha sakit olur. Körpələr sadəcə yatarkən bələnməli, gündüz saatlarında isə sadəcə uşaq paltarlarının geyindirilməsi kifayətdir.

Səhiyyə 2023-08-02 14:08:00