×
A
A
A
Sazlamalar

Bakı Ekspo Mərkəzində “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçiriləcək

Bakı, 2 avqust, AZƏRTAC

Bu il noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sərgi yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.
“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibbi tədbirdir. Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distribütorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehlakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Səudiyyə Ərəbistan, Koreya Respublikası və digər ölkələr yer alır. Sərginin ekspozisiyası müxtəlif ölkələrdən tibb sahəsinin aparıcı şirkətlərini – “Arash Medical Company”, “AS-Medical”, “LABSERVIS LTD”, “IHG” (International Health Group), yerli istehsalçılardan isə “Biopharmax AFEZCO” və digər şirkətləri bir araya gətirəcək.
Sərginin tibdə informasiya texnologiyaları, tibbi texnika və avadanlıq, tibbi məhsullar, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məhsullar, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər, optika və oftalmologiya, laboratoriya avadanlıqları və texnologiyaları, tibb müəssisələri üçün avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar, diyetologiya, tibbi təhsil, sanitar nəqliyyat bölmələri üzrə təşkil olunması nəzərdə tutulur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” 2023 sərgisində öz iştiraklarını təsdiqləyib və sərginin rəsmi dəstəkçisidir.
Belə ki, sərgi çərçivəsində “SPA & Welness”, kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, dekorativ kosmetika, peşəkar kosmetika, salon avadanlıqları, dırnaq xidmətləri üçün vasitə və alətlər, saça və bədənə qulluq vasitələri kimi sektorlar üzrə məhsul və xidmətlərin nümayişi gözlənilir.
“Medinex” və "Beauty Azerbaijan" sərgiləri çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır. Beynəlxalq iştirakçıların da yer alacağı “Medinex” və "Beauty Azerbaijan" sərgiləri sənaye mütəxəssislərini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradır.
Qeyd edək ki, ötən il keçirilən tədbirə 12 müxtəlif ölkədən − Azərbaycan, Belarus, Danimarka, Əlcəzair, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya, Sloveniya, Türkiyə və Yaponiyadan 92 şirkət qatılıb, ümumilikdə isə sərgini 6 mindən artıq insan ziyarət edib. Bundan başqa, sərgi daxilində bir sıra spikerlərin aktual mövzularla bağlı sessiyaları keçirilib. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Sərgilərlə bağlı məlumatı internet səhifələrindən - www.medinex.azwww.beautyexpo.az və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Səhiyyə 2023-08-02 11:45:00