×
A
A
A
Sazlamalar

Altı ayda əhalinin 34 faizi icbari tibbi sığortadan yararlanıb

Bakı, 28 iyul, AZƏRTAC
Bu ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə 3,3 milyon şəxs 11 milyona yaxın müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 34 faizi icbari tibbi sığortadan yararlanıb.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 32 milyon 157 min 216 olub. Tibbi xidmətlərin 85 faizi ambulator, 15 faizi stasionar şəraitdə göstərilib.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 104 tibb müəssisəsinin olduğunu nəzərə alaraq həmin müddət ərzində göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşür.
Daha sonra ən çox tibbi xidmət göstərən beş dövlət tibb müəssisəsinin siyahısında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır.
Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, tənəffüs, endokrin, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
Qeyd olunub ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin yanvar-iyun aylarında vətəndaşlara 142 min 166 göndəriş verilib.
Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 min 393 tibbi xidmətdən yararlanıb. Həmin xidmətlərdən 1042-si uşaqlara, 54 min 351-i isə böyüklərə göstərilib.
Həmin əməliyyat və proseduralardan 18 min 251-ni oftalmoloji, 16 min 342-ni ürək-damar, 12 min 547-ni invaziv radiologiya xidmətləri, 2 min 589-nu uroloji; 1727-ni neyrocərrahiyyə üzrə xidmətlər təşkil edib.
İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 7 və 1574 olub.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.

Səhiyyə 2023-07-28 16:20:00