×
A
A
A
Sazlamalar

UNICEF Azərbaycanda uşaqların sağlamlığına dair dəyirmi masa təşkil edib

Bakı, 26 iyul, AZƏRTAC

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit məsələlərinin təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən ölkəmizdə uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb. Aparılmış qiymətləndirmənin nəticələri, o cümlədən müvafiq problemlərin potensial həlli yollarını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub.

Tədbirdə səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirilməsinin ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs edib.

Səhiyyə 2023-07-26 17:28:00