×
A
A
A
Sazlamalar

Uşaqların yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycanın Səhiyyə Nazirliyində İsraildə təşkil olunan yay düşərgəsinə yollanacaq şəkərli diabetli yeniyetmələrlə görüş keçirilib. Tədbirdə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik də iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev İsrail nümayəndələri ilə davamlı görüşlərin ölkələrimiz arasında əlaqələrin və dostluq münasibətlərinin getdikcə möhkəmlənməsinə töhfələr verəcəyini diqqətə çatdırıb. Nazir şəkərli diabetdən əziyyət çəkən uşaq və yeniyetmələr üçün İsraildə yay düşərgəsinin təşkil olunmasını humanizm prinsiplərinə əsaslanan bir addım kimi yüksək qiymətləndirib. Görüş zamanı, həmçinin Prezident İlham Əliyevin uşaqların və yeniyetmələrin sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı da vurğulanıb. Bildirilib ki, bu qayğının nəticəsi olaraq son illərdə uşaqların yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Nazir, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əhalinin, xüsusilə uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib: “Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların və yeniyetmələrin sağlamlığının qorunması, o cümlədən şəkərli diabetdən əziyyət çəkənlərin müalicə və reabilitasiyasına dəstəyin göstərilməsidir”.
Sonda səhiyyə naziri gələcəkdə də uşaq və yeniyetmələr üçün nəzərdə tutulan belə tədbirlərin qarşılıqlı şəkildə ardıcıl olaraq hər iki dövlətdə təşkil olunmasının zəruriliyini diqqətə çatdırıb.
Səfir Corc Dik Azərbaycanda uşaqlara dövlət tərəfindən göstərilən qayğını yüksək qiymətləndirib. Qeyd edilib ki, beynəlxalq müstəvidə həyata keçirilən həmin layihədə iştirak etmək üçün ilk olaraq azərbaycanlı uşaq və yeniyetmələr seçilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən yeniyetmələr dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib ki, yay düşərgəsi onların səhhətlərinin bərpasına köməklə yanaşı, dünyaya baxışlarının inkişafında vacib rol oynayacaq, habelə xatirələrində xoş xatirə kimi qalacaqdır.

Səhiyyə 2023-07-26 16:53:00