×
A
A
A
Sazlamalar

ÜST Yaxın Şərq tənəffüs sindromu koronavirusunun yayılması ilə bağlı xəbərdarlıq edib

Bakı, 26 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın əvvəlində Əbu-Dabidə bir xəstənin testinin müsbət çıxmasından sonra bölgədə potensial ölümcül Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusunun (“MERS-CoV”) daha çox hallarının aşkarlanacağını gözlədiyini bildirib.
AZƏRTAC “Əl Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “MERS-CoV” adlı koronavirusun səbəb olduğu viruslu tənəffüs yolu infeksiyası olan MERS-ə yoluxmanın məlum olmasından 19 ay keçir. ÜST bu regionda daha çox yoluxma halları ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Qlobal səhiyyə qurumu, həmçinin “MERS-CoV” ilə bağlı epidemioloji vəziyyəti izlədiyini və ən son məlumatlar əsasında risk qiymətləndirmələri apardığını bildirib.
ÜST qeyd edib ki, BƏƏ iyulun 10-da səhiyyə orqanına Əbu-Dabidə 28 yaşlı əcnəbi bir kişinin testinin müsbət çıxması barədə məlumat verib. Bundan sonra həmin şəxs iyunun 8-də xəstəxanaya yerləşdirilib. O, qusma, sağ cinah ağrısı və dizuriya (sidik ifrazı zamanı ağrı) şikayətləri ilə həkimlərə müraciət edib. Xəstəyə ilkin olaraq kəskin pankreatit, kəskin böyrək zədəsi və sepsis diaqnozu qoyulub. Daha sonra reanimasiyaya yerləşdirilən pasiyentə mexaniki ventilyasiya sistemi qoşulub. Vəziyyəti daha da pisləşdiyinə görə iyunun 21-də onun burun-udlağından tampon götürülüb və RT-PCR testi keçirilib və bu, iyunun 23-də “MERS-CoV” üçün müsbət nəticə verib. Bu şəxs ilə müəyyən edilmiş 108 təmasın hamısı yoxlanılıb, lakin infeksiya halı müəyyən edilməyib.
Ümumi ehtiyat tədbiri olaraq ÜST bildirib ki, fermalara, bazarlara, tövlələrə və ya dromedarların olduğu digər yerlərə baş çəkən hər kəs mövcud gigiyena tədbirlərinə əməl etməli, o cümlədən heyvanlara toxunduqdan sonra əllərini müntəzəm yumalı, əlləri ilə gözlərə, buruna və ya ağıza toxunmalı və xəstələrlə təmasdan çəkinməlidir.
BƏƏ-də ilk laboratoriya tərəfindən təsdiqlənmiş “MERS-CoV” hadisəsi 2013-cü ilin iyul ayında baş verib. O vaxtdan bəri BƏƏ-nin müvafiq orqanları CFR (Case Fatality Ratio) ilə müşayiət olunan “MERS-CoV”a 94 yoluxma (indiki hal daxil olmaqla) və 12 əlaqəli ölüm halları barədə məlumat verib.
Təşkilat sonda qeyd edib: "ÜST “MERS-CoV” infeksiyasının əlavə hallarının Yaxın Şərqdə və ya virusun dromedarlarda yayıldığı digər ölkələrdə olacağını gözləyir. Təşkilat bütün üzv dövlətlər tərəfindən kəskin respirator infeksiyaları, o cümlədən “MERS-CoV” üçün güclü nəzarətin vacibliyini bir daha vurğulayır və qeyri-adi nümunələri diqqətlə nəzərdən keçirir."

 

Səhiyyə 2023-07-26 11:00:00