×
A
A
A
Sazlamalar

Çəpgözlüyün müalicəsi eynəklə və cərrahi yolla aparıla bilər

Bakı, 24 iyul, Aytac Haqverdiyeva, AZƏRTAC

Son illər doğulan körpələr arasında çəpgözlüyə daha çox rast gəlinir. Hər iki gözdə fərqli bəbəklərin olması nəticəsində görmə sinirindən beyinə müxtəlif obrazlar ötürülür. Beyin isə bu, iki görüntünü bir obrazda birləşdirir. İki göz bəbəyi eyni cür çalışmayanda uşaqda çəpgözlük yarana bilər.
AZƏRTAC mütəxəssislərin təhlili əsasında çəpgözlük problemi, onun yaranma səbəbləri və xəstəliklə mübarizə yolları barədə araşdırma aparıb. Həkim-oftalmoloq Bella Xasiyeva mövzu ilə bağlı deyib: “Çəpgözlük bir və ya iki gözün görmə fiksasiyasından yayınaraq daxilə, xaricə, aşağı və ya yuxarı əyilməsidir. Çəpliklər anadangəlmə və ya sonradan qazanılmış ola bilər. Bu patologiya daha çox uşaqlarda rast gəlinir və yayılan növü isə müştərək çəplikdir. Yaranma səbəbinə görə çəpliklər refraksion, paralitik olur. Refraksion çəpliklər gözdə mövcud olan refraksiya qüsurları, yəni zəifliklə bağlıdır. Paralitik çəpliklər isə gözün hərəki əzələlərinin parezi və ya iflici nəticəsində meydana çıxır. Çəpgözlüyün müalicəsi eynəklə və cərrahi yolla aparıla bilər. Eynəklə müalicəyə tabe olunan növ akkomadasion çəplik adlanır. Bəzi hallarda çəpgözlük eynəklə müalicəyə tabe olmur. Bu növ isə qeyri-akkomadasion adlanır. Əsasən, cərrahi müdaxilə tələb edən çəpliklər bu növə aid edilir. Cərrahi müdaxilə və eynək müalicəsinin eyni zamanda aparıldığı metodlar da mövcuddur”.
Oftalmoloq çəpgözlüyün müalicəsinin əsasında erkən diaqnozun dayandığını bildirib: “Bu səbəbdən valideynlərə tövsiyə edirəm ki, körpə yaşlarından uşaqlarını mütəmadi tibbi kontrollara aparsınlar”.

Çəpgözlük gələcəkdə inkişaf pozuntularına, həmçinin ciddi fəsadlara səbəb olur

Paralitik çəpliklərin anadangəlmə və qazanılmış olduğunu bildirən həkim-oftalmoloq Aygün Nəbiyeva deyib: “Anadangəlmə paralitik çəpliklər daha çox bətndaxili keçirilmiş xəstəliklərə və ya doğuş travmalarına bağlıdır. Qazanılmış paralitik çəpliklərə isə nevroloji problemləri olan xəstələrdə rast gəlinir. Bəzən işemik insult keçirən və ya yüksək şəkər nəticəsində nevritlərdə paralitik çəpliklər əmələ gələ bilir. Bu kimi hallarda nevroloji müalicə vacibdir. Ümumiyyətlə, növündən və yaranma səbəbindən asılı olmayaraq bütün çəpliklərin müalicəsində vaxtında diaqnoz və müdaxilə əsas şərtdir. Uşaqlarda 1-3 yaş aralığında göz ölçüləri yoxlanılmalıdır”.

Həkim-oftalmoloq Yaqut Əşrəfovanın sözlərinə görə, uşaqda çəpgözlük müşahidə edildiyi ilk andan etibarən valideynlər mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki mütəxəssislərə müraciət etməlidirlər: “Çəpgözlük son zamanlar uşaqlar arasında xeyli yayılan və daha çox gözəçarpan xəstəlikdir. Bu isə gələcəkdə inkişaf pozuntularına, həmçinin ciddi fəsadlara səbəb olur. Çəpgözlük əsasən, gözlərin bir-biri ilə müştərək işləməməsi səbəbindən meydana gəlir. Hər gözü idarə edən altı ədəd xarici əzələləri var ki, onlardan biri və ya bir neçəsi digərlərindən zəif olduqda, çəpgözlük yaranır. Bu zaman bir göz düz baxarkən digəri yuxarı, aşağı və ya yanlara doğru baxır. Digər xəstəliklərdə olduğu kimi çəpgözlüyün də erkən diaqnozu olduqca önəmlidir. Çəpgözlük anadangəlmə də ola bilər, bundan əlavə, sonradan yaranan, gözdə formalaşan katarakt (el arasında mirvari suyu), göz əzələlərinin inkişafdan geri qalması kimi müxtəlif səbəblərdən də çəpgözlük yarana bilir”, - deyə oftalmoloq bildirib.

Bəzən 3 yaşa qədər uşaqlarda yalançı çəpgözlüyə də rast gəlinir

Y.Əşrəfova çəpgözlüyün əlamətləri sırasında gözlərin qeyri-paralel görünməsi, baş ağrıları, ikili görmə, üçölçülü görmə itkisi (iki gözün eyni anda işləməməsi, baş və boyunun gözə uyğun olaraq eyni istiqamətə əyilməməsi) olduğunu deyib: “Bəzən 3 yaşa qədər uşaqlarda yalançı çəpgözlüyə də rast gəlinir. Lakin tam olaraq çəpgözlük diaqnozu qoyularsa, müxtəlif metodlarla müalicə prosesi başlamalıdır. Həmin uşaqlara nömrəli eynəklər təyin edilir. Lakin sonrakı mərhələdə bu hal davam edərsə, onlara xüsusi müalicə üsulları, bununla paralel olaraq, müalicəvi aparatlarla eynəklər təyin edilir. Əgər bu yollarla da çəpgözlük aradan qalxmazsa, mütləq əməliyyat təyin edilməlidir. Gözlərdən birində çəpgözlük müşahidə edilirsə, sağlam gözün bağlanaraq ağrısı, əyriliyi olan gözün işlədilməsi, əzələlərin daha işlək hala gətirilməsi üsulundan istifadə edilir”.

Müraciət edilən mütəxəssislərin fikrinə əsasən qeyd edək ki, çəpgözlüyün müşahidə edildiyi ilk andan etibarən mütləq ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-oftalmoloqlara müraciət edilməlidir. Əks halda, çəpgözlük daha da inkişaf edəcək. Bu isə öz növbəsində ciddi göz və baş ağrılarına, bununla yanaşı, uşaqların inkişaf mərhələlərinin düzgün getməməsinə səbəb olacaq.

 

Səhiyyə 2023-07-24 14:44:00