×
A
A
A
Sazlamalar

Turistlər sərin ölkələri seçməyə başlayır və yay istirahətindən imtina edirlər

Bakı, 18 iyul, AZƏRTAC

Avropanın cənubunda orta yay temperaturunun kəskin artması səyahətçiləri daha soyuq tətil yerlərini seçməyə, yaxud yaz və ya payız mövsümündə səyahət etməyə sövq edə bilər. Avropa Turizm Komissiyasının (ETC) məlumatları göstərir ki, iyun-noyabr ayları arasında Aralıq dənizi regionuna səyahət etmək istəyənlərin sayı ötən illə müqayisədə artıq 10 faiz azalıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, eyni zamanda, Çexiya, Danimarka, İrlandiya və Bolqarıstan kimi istiqamətlərə də maraq artır. ETC-nin rəhbəri Migel Sanz bildirib: "Biz gözlənilməz hava şəraitinin gələcəkdə Avropada səyahət edənlərin seçiminə daha çox təsir edəcəyini gözləyirik".
Şirkətin hesabatına görə, səyahət edənlərin 7,6 faizi hazırda iyun-noyabr ayları arasında ekstremal hava şəraitini əsas səyahət problemi hesab edir. Onların arasında havanın temperaturu 35 dərəcə Selsiyə çatanda İtaliyada sevimli istirahət yerindən planlaşdırılandan bir həftə əvvəl evə qayıdan norveçli Anita Elşoy da var: "Mənim şiddətli baş ağrım var idi, ayaqlarım və barmaqlarım şişirdi, başım getdikcə daha çox fırlanırdı. İki həftə orada olmalıydıq, amma istidən qala bilmədik".
Eyni zamanda, turizm şirkətləri iddia edirlər ki, həddindən artıq istilər səbəbindən hələ də çox sayda səfərin ləğvi müşahidə olunmur. Britaniyanın ABTA turizm agentliyi qrupundan Şon Tiptonun dediyinə görə, britaniyalılar koronavirus pandemiyası səbəbindən ikiillik karantin rejiminin yerini doldurmaq məqsədilə hələ də evdə daha az, Aralıq dənizində isə çox vaxt keçirir, aylar öncədən çox tətil sifariş edirlər.
Bununla belə, ekspertlər qeyd edirlər ki, isti dalğalar daha da yorucu olunca, tezliklə şərait dəyişə bilər. Meteoroloqlar bu həftə havanın temperaturunun hazırkı Avropa rekordunu (48,8 dərəcə Selsi) keçə biləcəyini proqnozlaşdırır.
ETC-nin rəhbəri Miguel Sanz əlavə edib: "Bizim son araşdırmamız göstərir ki, avqustda - pik ayda səyahətə maraq göstərən insanların sayı azalıb, eyni zamanda, daha çox avropalı payız səyahətini düşünür". Onun sözlərini turistlərin özləri də təsdiqləyir. Reuters ilə söhbətdə Romada istirahət edənlər iyul ayında yenidən oraya səyahət sifariş etməzdən əvvəl iki dəfə düşünəcəklərini söyləyiblər, çünki tətil zamanı etdikləri yeganə “əyləncə” kifayət qədər su içmək, sərin qalmaq və kondisionerli yerlər axtarmaq idi.
Eyni zamanda, iqtisadiyyatı yay turizmi mövsümündən çox asılı olan İtaliyanın hakimiyyət orqanları turistlərin sayında mümkün azalma ilə bağlı həyəcan təbili çalır. Bundan əvvəl İtaliyanın Ətraf Mühit Nazirliyi xəbərdarlıq etmişdi ki, əcnəbi turistlər gələcəkdə yaz və payız aylarında daha çox səyahət edəcək və daha sərin istiqamətlər seçəcəklər.
Bununla yanaşı, bəzi ölkələr bu tendensiyanın turist axınının azalmasına deyil, sadəcə olaraq yenidən bölüşdürülməsinə gətirib çıxaracağına ümid edirlər. Beləliklə, Yunanıstanın Ətraf Mühit Nazirliyinin fikrincə, qış, yaz və payız aylarında səfərlərin sayının artması, əksinə, yayda yerli kurortlarda sıxlıq problemini yüngülləşdirə və potensial yay azalmasını kompensasiya edə bilər. Yunanıstan hakimiyyəti turistləri qorumaq üçün cümə günü günün ən isti vaxtında Afinadakı qədim Akropolu bağlayıb.
Bu arada, İspaniya artıq turist seçimlərində dəyişikliyi görür. “Exceltur” milli turizm assosiasiyasının hesabatına görə, ölkənin şimalındakı sahilyanı ərazilərdə və yay temperaturunun daha sərin olduğu adalarda tələbatın güclü olacağı gözlənilir.
Mütəxəssislər bu yay cəhənnəm istisindən qorunmaq üçün ən yaxşı Avropa ölkələrinin İrlandiya və dörd Skandinaviya ölkəsi olduğunu bildirirlər.

Turizm 2023-07-18 14:55:00