×
A
A
A
Sazlamalar

Şeyxülislam: Ümumdünya Kilsələr Şurası qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir

Bakı, 12 iyul, AZƏRTAC

Ümumdünya Kilsələr Şurası (ÜKŞ) Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etmişdir. Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edilməsi ilə əlaqədar Şuraya ünvanladığı etiraz məktubunda yer alıb.
Məktubda qeyd olunub ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verən və dini mahiyyət kəsb etməməsi haqqında 1993-cü ildəki mövqeyindən fərqli olaraq, ÜKŞ hazırda birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ son dövrlərdə dünyada cərəyan edən siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna xələl gətirir.
“Müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə Kilsə adını daşıyan təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir”, - deyə QMİ sədri vurğulayıb.
Şeyxülislam, eyni zamanda, məktubunda Ümumdünya Kilsələr Şurasını həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırıb.

Din 2023-07-12 15:01:00