×
A
A
A
Sazlamalar

BMT-nin Ali komissarı: “Qurani-Kərim”in nüsxəsinin yandırılması nifrəti zorakılığa çevirmək məqsədi daşıyır

Bakı, 12 iyul, AZƏRTAC

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Turk bildirib ki, o, müsəlmanların “ən dərin dəyər və inanclarını” hədəf alan hərəkətlərdən qəzəblənən milyonlarla insana “hədsiz dərəcədə rəğbət bəsləyir”. O əlavə edib ki, “Qurani-Kərim”in nüsxəsinin yandırılması ilə bağlı son hadisələr və buna bənzər hərəkətlər insanlarda qəzəbi alovlandırmaq, ayrı-seçkilik yaratmaq və fərqli baxışları nifrət və zorakılığa çevirmək üçün bilərəkdən hazırlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Volker Turk Cenevrədə İnsan Hüquqları Şurasının 53-cü sessiyasında bəzi Avropa və digər ölkələrdə “Qurani-Kərim”in təkrarən təhqir olunması ilə təzahür edən qəsdən düşünülmüş və açıq dini nifrət aktlarının həyəcanverici dərəcədə artması mövzusunda təcili müzakirələr zamanı çıxış edib.
Təcili müzakirələrin əsas mövzusu ötən ay Qurban bayramı zamanı Stokholmdakı məscidin qarşısında “Qurani-Kərim”in nüsxəsinin yandırılması ilə əlaqəlidir. Toplantıda çıxış edən BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı: “İnsanlar sözlə ifadə edilməyəcək şəkildə simvollar vasitəsilə ünsiyyət qururlar. Məsələn, üzük evlənmək öhdəliyimizi göstərir. Rəngli işıq bizə dayanmaq və ya getmək üçün siqnal verir. Dini rəmzlərin tarixi daha dərinə gedir. Aypara, ulduz, xaç, oturmuş insan fiquru. Bəziləri üçün bunlar az məna kəsb edə bilər. Lakin milyonlarla insan üçün onlar nəhəng tarixi ənənənə və inancın təcəssümü, geniş əhatəli dəyərlər sistemi, kollektiv birliyin və mənsubluğun təməli, şəxsiyyətlərin və əsas etiqadların mahiyyəti kimi böyük əhəmiyyətə malikdir”.
V.Turk əlavə edib ki, siyasi və dini liderlər müqəddəs yerlərin və dini rəmzlərin təhqir olunması hallarını pisləməklə, eyni zamanda, bu mənfur əməllərin qarşısının alınmasında mühüm rol oynayırlar. Onlar həm də açıq şəkildə bildirməlidir ki, təxribatla bağlı zorakılığa haqq qazandırmaq olmaz. Söz və ya ifadə azadlığının hər hansı məhdudlaşdırılması bu qayda üçün istisna olaraq qalmalıdır, çünki qəsdən edilən bu təhqiramiz hərəkətlər konkret şəraitdə başqalarını hərəkətə keçməyə təhrik edə bilər, həmçinin zorakılıq hallarına səbəb olar.
Ali komissar beynəlxalq hüququn prinsiplərinə istinad edərək bildirib ki, dövlətlər “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin hər hansı təbliğatını” qadağan etməlidir. Bununla belə, o, əlavə edib ki, “fundamental hüquqlar olan fikir və ifadə azadlığına qarşı hər hansı milli məhdudiyyətlər elə tərtib edilməlidir ki, onların yeganə məqsədi və nəticəsi dini doktrinanı tənqidi baxışdan qorumaq deyil, fərdləri qorumaq olsun”.
V.Turk, həmçinin nifrət ritorikası ilə mübarizə səylərinin vacibliyini vurğulayıb və bildirib ki, “bütün məsul orqanlar, təsir dairələri və özəl sektor bu mənfi tendensiyaya qarşı fəal şəkildə mübarizə aparmalıdır”. O, dövlətləri BMT-nin din və ya inanclara əsaslanan dözümsüzlüklə mübarizə üzrə fəaliyyət planını həyata keçirmək istiqamətində səylərini ikiqat artırmağa çağırıb, bəzi cəmiyyətlərin dini fərqləri siyasi məqsədlər üçün sui-istifadə etdiyini vurğulayıb. "Biz siyasi mənfəət üçün xaos tacirləri, bizi qəsdən parçalamaq üçün yollar axtaran bu təxribatçılar tərəfindən insanların yanlış istiqamətə sürüklənməsi və alətə çevrilməsinə imkan verməməliyik", -deyə Ali komissar sonda bildirib.

 

Din 2023-07-12 12:03:00