×
A
A
A
Sazlamalar

Ərəb turizm portalı Bakının görməli yerlərindən yazıb

Bakı, 10 iyul, AZƏRTAC

Ərəb ölkələrin ortaq “Tourist.Faharas ” turizm portalında Azərbaycan paytaxtının ən yaxşı məkanları barədə “Azərbaycanın 10 ən görməli yerləri” sərlövhəli məqalə və fotoşəkillər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məqalədə Dənizkənarı Bulvar, Dağüstü park, turistlərin sevimli məkanı olan Nizami küçəsi, müasir Bakının rəmzlərindən biri olan “Alov qüllələri”, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, Qız qalası, Miniatür Kitab Muzeyi və Azərbaycan Təbabəti Muzeyi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.
Ərəb ölkələrindən olan potensial turistlərin diqqətinə çatdırılıb ki, Bakıdan kənarda - Azərbaycanın rayonlarında da görməli yerlər, qədim tarixi abidələr var. Bölgələrdə turistlərin istirahəti üçün yüksək şərait yaradılıb, təbiətin qoynunda ən müasir standartlara cavab verən komfortlu otellər fəaliyyət göstərir.

Turizm 2023-07-10 11:32:00