×
A
A
A
Sazlamalar

Qayser Nəvvab: Azərbaycan ilə Pakistan arasında turizm əlaqələri genişlənir

Bakı, 8 iyul, AZƏRTAC

Pakistan ilə Azərbaycan arasındakı münasibətlərin tarixi qədimdir. Ölkələrimizi keçmişdən bu günə tarixi-siyasi, mədəni-mənəvi və etnik köklər bağlayır. Hər iki ölkə arasında bölgə və qlobal problemlərin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur. Pakistan hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və biz ölkələrimiz arasındakı sarsılmaz dostluğun təcəssümünü 44 günlük Vətən müharibəsi dövründə bir daha gördük. Bir-birini dəstəkləməyimiz sarsılmaz dostluğumuzu daha da möhkəmləndirir. Təbii ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsində öz rolunu oynayır.
Cari ilin iyun ayında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərdə inkişafına müsbət təsir göstərir. Pakistan rəsmilərinin Azərbaycana səfərləri iki ölkə arasında dərin köklü dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin sübutudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistan-Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.
Beynəlxalq ekspert bildirib ki, Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin bu günlərdə Bakıya səfərində məqsəd Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsinə xidmət edib. Onun Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də media nümayəndələrindən ibarət nümayəndə heyətləri üçün infoturların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib.
“Müzakirələrdə dağ turizmi ilə bağlı Pakistanın təcrübəsindən danışıldı, bu ölkənin nəfəs kəsən şimal bölgələrinə, həmçinin Pəncab, Hayber Paxtunxva və Sind kimi mənzərəli məkanlara səyahət imkanları qeyd olundu. Nazirin səfəri hər iki ölkə üçün böyük vədlər verir, çünki bu, Azərbaycandakı turoperatorlar üçün Pakistanın şimal bölgələrinin misilsiz gözəlliklərini kəşf etmək üçün imkanlar açır. Nazir Sacid Turi bu cür əməkdaşlığın qarşılıqlı faydalarını qəbul edərək, turizmdən sosial-iqtisadi inkişafı təşviq etmək və beynəlxalq turizmi artırmaq üçün vasitə kimi istifadə etməyin vacibliyini görüşdə vurğulayıb. Görünən odur ki, ikitərəfli turizm əlaqələrinin prioriteti yüksəkdir. Qarşılıqlı fikir və təcrübə mübadiləsi ümumi turizm sektorunun inkişafında mühüm rol oynayacaq”, - deyə Q.Nəvvab vurğulayıb.
Ekspert qeyd edib ki, səfər zamanı iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığa dair razılaşmaların əldə olunmasının da böyük əhəmiyyəti vardır.
Ölkələrimiz arasındakı tarixi-siyasi və mədəni-mənəvi münasibətlərin böyük vüsətlə inkişaf edən xətt üzrə irəliləməkdə olduğunu vurğulayan Qayser Nəvvab deyib: “Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turinin Azərbaycana səfəri və müxtəlif dövlət qurumlarının rəsmiləri ilə keçirdiyi görüşlər, müzakirələr Azərbaycan və Pakistan arasında uzunmüddətli əməkdaşlıq, mədəni mübadilə və iqtisadi yüksəliş üçün zəmin yaradır. Pakistanın mənzərələrinin gözəlliyi, mədəni irsinin zənginliyi və təklif etdiyi tarixi attraksionlar turizm sektorunda əməkdaşlıq üçün perspektivli platforma yaradır. Qarşılıqlı əlaqələr, təcrübə mübadiləsi ölkələrimiz üçün daha güclü və daha firavan gələcəyə yol açmağa imkan verəcək”.

 

 

 

 

Turizm 2023-07-08 15:01:00