×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayında Pamukkaleni 811 mindən çox turist ziyarət edib

Bakı, 8 iyul, AZƏRTAC

Cari ilin 6 ayında Türkiyənin Pamukkale şəhərinə gələn turistlərin sayı 811 min 156 nəfər olub.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Qurban bayramı günlərində bütün otelləri 100 faiz dolu olan şəhərdə yay mövsümünə start verilib.
Türkiyə Otelçilər Federasiyasının vitse-prezidenti Qazi Murat Şen ötən ilin yanvar-iyun aylarında Pamukkaleni 604 min 33 yerli və xarici turistin ziyarət etdiyini bildirib. Yay mövsümü boyu turistlərin çox olacağına inamını ifadə edən Şen deyib: “Ötən il ziyarətçi sayımız 2 milyon olub, bu il bu rəqəmi 3 milyona çatmaq niyyətindəyik”.
Qeyd edək ki, Pamukkale Menderes çayı vadisində yerləşir. Qədim İyerapolis şəhərinin xarabalıqları ilə əhatə olunan Pamukkaledə təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq terraslardan üzüaşağı axır və bu da dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir. Pamukkalenin UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilməsindən 25 il keçir. Pamukkale təkcə kalsium bikarbonatla zəngin gur şəlalələr travertinlərlə (ağ daş) deyil, həm də dörd bir tərəfində qədim şəhərləri ilə açıq səma altında muzeyə bənzəyir.
Hərfi mənada “pambıq saray” kimi tərcümə olunan Pamukkale həqiqətən də dünyanın hər yerindən gələn bir çox turistin sevimli istirahət yeridir. Bu ada bənzərsiz təbiəti ilə yanaşı isti bulaqlar, çoxlu duzlu hamamlar və terraslar ilə zəngindir.
Pamukkaledəki bulağın müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Onun suları ağır və hətta çox ağır xəstə olan insanlara şəfa verir ki, bu da onun möcüzəvi gücündən xəbər verir.
Pamukkaledə onurğa və dayaq-hərəkət sistemi problemi olan insanları müalicə edən cəmi 17 unikal termal bulaq yer kürəsinin 20 ən qeyri-adi yeri siyahısına daxildir. Orada, həmçinin hər cür ürək-damar, dəri, mədə-bağırsaq və sinir sistemi xəstəlikləri müalicə edilir.
Pamukkaleyə istənilən mövsüm getmək mümkündür. Qışda hava soyuq olsa da, antik hovuzun suyu həmişə təxminən 36 dərəcə olur. Bu səbəbdən qışda burada doya-doya çimmək mümkündür. Yaz və payız ayları buraya səfər etmək üçün ən ideal aylardır. Çünki bu fəsillərdə hava çox da isti olmur. Ancaq yay mövsümü üçün eyni şeyi demək çətindir. Çünki havanın temperaturu və günəşin yandırıcı təsirini nəzərə alsaq, yayda buranı ziyarət etmək sağlamlıq üçün çətin ola bilər.
Pamukkaleni hər il milyonlarla turist ziyarət edir.

Turizm 2023-07-08 14:48:00