×
A
A
A
Sazlamalar

Süd vəzi xərçənginin vaxtında aşkarlanması müalicədə mühüm rol oynayır

Bakı, 24 iyun, AZƏRTAC

Müasir dövrdə geniş yayılan süd vəzi xəstəliklərinə əksər qadınlar biganə yanaşır. Xüsusilə, 55 yaşdan yuxarı qadınlar gecikmiş mərhələdə müraciət edirlər. Müşahidələr göstərir ki, qadınlar ev şəraitində süd vəzində törəmələrin əlamətlərinə rast gəlsələr belə, heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 7 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Ramilə Əliyeva deyib. Onun sözlərinə görə, belə olan təqdirdə xəstəlik ağırlaşır və nəticə heç də ürəkaçan olmur. Mütəxəssis bildirib ki, süd vəzi xərçənginin vaxtında aşkarlanmasında və onun ağır fəsadlarının qarşısının alınmasında qadınların ərazi üzrə poliklinikalara vaxtında müraciət etmələri olduqca mühüm rol oynayır: “Xəstə ilə söhbət edərkən anamnez məlumatlarından məlum olur ki, qadınlar süd vəzində törəməni özləri aşkar etsələr də, heç bir ağrı vermədiyi üçün həkimə müraciət etmirlər. Daha çox sümüklərində ağrı, dəridə hər hansı bir qızartı simptomları yaranarkən poliklinikaya üz tuturlar”.
Həkim-onkoloq xəstəliyin vaxtında aşkarlanması və erkən müdaxiləsi məqsədilə xanımların ildə ən azı 2 dəfə, hər 6 aydan bir USM müayinəsindən, 35 yaşından yuxarı olanların isə süd vəzində törəmə şübhəsi varsa, mütləq MMQ-dan keçmələrini tövsiyə edir.
R.Əliyeva bildirib ki, faktiki olaraq bu gün ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə (poliklinikalara) 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə ( IV mərhələdə) müraciət edir: “Onlarda daha çox gərginlik, ağrı və sancı simptomları müşahidə olunur. Bəzən isə bu xəstəlik heç bir əlamət olmadan inkişaf edir. Təbii ki, bu zaman vaxtında müdaxilə edilməməsi çox ciddi fəsadlara səbəb olur”.
Mütəxəssisin sözlərinə görə, vaxtında həkimə müraciət etmək sizin həyatınızı xilas edə bilər!

 

Səhiyyə 2023-06-24 12:29:00