×
A
A
A
Sazlamalar

Azərbaycanda turistlər üçün Bakı və Abşeron üzrə ilk ətraflı soraq kitabçası nəşr olunub

Bakı, 13 aprel, AZƏRTAC

“Qızıl kitab” nəşriyyatında Bakı üzrə rus dilində ilk ətraflı turizm soraq kitabçası işıq üzü görüb. “Bakının mədəniyyəti və tarixi” adlanan nəşrə qədim şəhərin və onun görməli yerlərinin əsas inkişaf mərhələləri barədə ətraflı məlumat daxil edilib. Kitabça həm də tətbiqi əhəmiyyət daşıyır. Mütəxəssislər tərəfindən son dərəcə dəqiq tərtib olunan 20 ətraflı xəritə və plan oxucuların sərəncamına buraxılıb. Bu nəşr sayəsində Azərbaycan paytaxtına və paytaxtətrafı qəsəbələrə bələd olmaq və marşrutlar tərtib etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq bu cür nəşrə Bakının ətraf qəsəbələri - özünün zəngin mədəniyyəti və yaxşı qorunub saxlanılan tarixi görməli yerləri ilə tanınan Abşeron yarımadasının yaşayış məntəqələri barədə ən yeni məlumatlar daxil edilib.
Nəşrin böyük hissəsi Bakının turizm imkanlarına həsr olunub. Soraq kitabçasına paytaxtın maraqlı tarixi-memarlıq nümunələrinin, muzeylərin, sərgi mərkəzlərinin, ticarət komplekslərinin tam siyahısı, turistlər üçün faydalı məsləhətlər və s. daxildir. Dünya elm və mədəniyyətinin inkişafına töhfə vermiş tanınmış bakılılar da yaddan çıxmayıb. Onların siyahısında Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcılarından biri Lütfi Zadə, elmi məktəbin banisi Lev Landau və digərləri yer alır.
Soraq kitabçasından Abşeron yarımadası, o cümlədən Qobustan qoruğu, Nardaran, Mərdəkan, Qala, Balaxanı və digər qəsəbələr haqqında maraqlı ətraflı məlumatlar və az tanınan faktlar öyrənmək olar. Mətnə unikal illüstrasiyalar əlavə olunub, 300-dən yuxarı peşəkar fotoşəkillərə siz heç yerdə rast gələ bilməzsiniz.
Yeni soraq kitabçası ölkə paytaxtının regionları barədə daha çox məlumat almaq istəyən azərbaycanlılar və Bakı üzrə müstəqil ekskursiyalar planlaşdıran səyahətçilər üçün maraqlı və faydalı olacaq.
Hazırda “Bakının mədəniyyəti və tarixi” turizm soraq kitabçasını paytaxtın kitab mağazalarından əldə etmək mümkündür. Yaxın vaxtlarda soraq kitabçasını ingilis dilində də çap etdirmək planlaşdırılır.

Turizm 2023-04-13 18:54:00