×
A
A
A
Sazlamalar

Azərbaycan Ağsaqqallar Şurasında 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı, 31 mart, AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasında tədbir keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev 105 il əvvəl mənfur ermənilərin Azərbaycan xalqına, xüsusilə dinc insanlara - qadın, uşaq və yaşlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb. O, Bakı, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlının amansızlıqla qətlə yetirilməsindən söz açıb. Bildirilib ki, bu qanlı soyqırımına Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilib. Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu Fərman tariximizin qanlı səhifələrinin öyrənilməsi və əbədiləşdirilməsi ilə yanaşı, həm də erməni şovinizminin, terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir, soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı iş həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsində böyük Qələbə qazanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev siyasi arenada da ermənilərin layiqli cavabını verərək, onların xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyaya çatdırır, bədxah qonşularımızın üç üzünü ifşa edir. Eldar Quliyev, həmçinin bildirib ki, ağsaqqallar da gənclərimizi bu tarixi həqiqətlər barədə daha çox maarifləndirmək üçün əllərindən gələni əsirgəməməli, bu həqiqətləri gələcək nəsillərə çatdırmalıdırlar.
Şura sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında bu soyqırımı nəticəsində minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən, milli, mədəni, mənəvi irsimizin dağıdılmasından, talan edilməsindən danışıb. Ermənilərin xalqımızın unutqan, ürəyiyumşaq olmasından istifadə edərək müxtəlif dövrlərdə dəfələrlə bu cür qətliamlar həyata keçirdiyini təəssüflə qeyd edən akademik tarixin bu ağır dərslərindən nəticə çıxarılmasının vacibliyini vurğulayıb. Rəhbərliyində təmsil olunduğu Qərbi Azərbaycan İcmasının fəaliyyətinə də toxunan Əhliman Əmiraslanov təşkilat tərəfindən dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasından, bu sənədin BMT-yə göndərilməsindən və bu sahədə görülən digər mühüm işlərdən söz açıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov və digər natiqlər ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarında törətdikləri soyqırımlardan, qanlı qırğınlardan, faciələrdən ətraflı bəhs ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad edərək şəhidlərimizin, soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Buna baxmayaraq, tarix boyu Azərbaycan xalqına qarşı törədilən bütün faciələri, o cümlədən 31 Mart soyqırımını heç zaman unutmamalı və cəmiyyətimizə, xüsusilə də gənclərimizə unutdurmamalıyıq. Mənfur və məkrli düşmənimizə qarşı mübarizə əzmimizi daha da gücləndirməli, dövlətimizin və Prezidentimiz İlham Əliyevin ətrafında hər zaman daha sıx birləşməliyik.

31 mart 2023-03-31 21:46:00