×
A
A
A
Sazlamalar

Mart soyqırımında insanlar xüsusi qəddarlıqla qətlə yetirilib

Bakı, 31 mart, AZƏRTAC

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə rəsədxananın Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının dəhşətlərindən danışıb. O bildirib ki, Bakı Soveti və daşnak erməni silahlıları Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər şəhər və bölgələrdə xalqımıza qarşı amansızcasına soyqırımı həyata keçiriblər. Ermənilər 50 mindən çox insanı qətlə yetiriblər.
Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri dosent Canməmməd Rüstəmov qeyd edib ki, soyqırımı zamanı Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında yüzlərlə kənd tamamilə yandırılıb, günahsız insanlar xüsusi qəddarlıqla öldürülüb.
İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında yazılan kitablardan, dünya mediasında yer alan məqalələrdən, həmçinin bu hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Rəsədxana kollektivi Şamaxı şəhərindəki Soyqırımı abidəsini ziyarət edib.

Elm və təhsil 2023-03-31 19:14:00