×
A
A
A
Sazlamalar

Teatr Xadimləri İttifaqında “Baxış-3” festivalının açılışı olub

Martın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “BAXIŞ -3” festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festival haqqında məlumat verib və festivalın əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir. Budəfəki festivalda əvvəlkilərdən fərqli olaraq demək olar ki, iştirakçıların böyük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir.

“Baxış - 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edəcək festival çərçivəsində 8 tamaşa nümayiş ediləcək. Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində və ittifaqın böyük zalında nümayiş ediləcək. Bildirilib ki, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq.

Daha sonra ittifaqın böyük zalında festivalın açılış tamaşası--ideya müəllifi və quruluşçu rejissoru Ceyhun Zərbəliyev olan “Müsibəti-Qara” tamaşası nümayiş edilib.  Rolları Rəna Vəkilova, Eltac Abbas, Feyruz Bayramov, Cahan Zəkəriyyəyeva, Azər Camalov, Allahverdi Qurbanov ifa ediblər. Tamaşa,  rejissor və pedaqoq Tərlan Rəsulovun “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nda hazırlanıb.   

Qeyd edək ki, festivalın ilk günü  Mustafa Mərdanov adına səhnədə rejissor Məhəmməd Verdiyevin səhnələşdirdiyi “Sonuncu güllə” tamaşası da nümayiş edilib. Tamaşada rolları Feyruz Bayramov və Leyla Ələsgərova canlandırıblar.

Teatr və kino 2023-03-06 18:18:26