×
A
A
A
Sazlamalar

Hazırda Qarabağda turizm infrastrukturunun qurulması üzrə işlər icra edilməkdədir

Bakı, 18 yanvar, AZƏRTAC

Dövlət Turizm Agentliyi tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının mövcud vəziyyətinin və gələcək perspektivlərinin qiymətləndirilməsi” layihəsi üzrə bir sıra işlər həyata keçirilib. Layihə çərçivəsində Qarabağda turizmin inkişafı üçün müasir turizm-ərazi planlaşdırılması prinsiplərinin tətbiqinə imkan verəcək məlumatların toplanılması, məlumat bazasının formalaşdırılması və bölgənin gələcək turizm siyasəti, strategiya və planlarının yaradılması istiqamətində müvafiq hesabatlar hazırlanıb, eləcə də, turizm rekreasiya zonaları üzrə 14 ərazi müəyyənləşdirilərək təklif edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə əsas nəqliyyat dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi işləri həyata keçirilib, turizm rekreasiya zonaları əsasında mədəni, təbiət, dağ, sağlamlıq, qış, işgüzar və s. turizm növlərinin inkişafı nəzərdə tutulub. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində iş aparılır. Xüsusilə, Suqovuşan su anbarının ətrafı, Hadrut qəsəbəsi, Tuğ və Daşaltı kəndlərində turizm infrastrukturunun qurulması üzrə işlər icra edilməkdədir.

Turizm 2023-01-18 15:34:48