×
A
A
A
Sazlamalar

Yaponiyada bir salxım üzüm 10,7 min dollara satılıb

Bakı, 15 iyun, AZƏRTAC

Cümə günü İsikava prefekturasında keçirilən hərracın iştirakçısı nadir “Roma yaqutu” növündən olan üzümün bir salxımına 1,5 milyon yen (10,7 min dollar) ödəyib.
AZƏRTAC xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, bahalı üzümü yerli otellər şəbəkəsinin nümayəndəsi alıb. Onun sözlərinə görə, cəmi 27 üzüm dənəsindən ibarət salxım otelin qonaqları üçün xüsusi bir ziyafət olacaq.
“Roma yaqutu” yapon seleksiyaçılar tərəfindən 2008-ci ildə yetişdirilib. Standartlara uyğun olaraq elit üzüm meyvəsində şəkərin miqdarı 18 faizdən az olmur. Buna görə də “Roma yaqutu” şirniyyat həvəskarları arasında xüsusi populyarlıq qazanıb.
Yaponiyada bir sıra meyvə və giləmeyvə növləri yüksək qiymətləndirilir. Onların qiyməti bir neçə min, hətta bəzən on minlərlə dolları ötə bilir. Məsələn, 2019-cu ildə “yubari” sortundan olan zərif ətirli bir cüt qovun 45 min dollara satılmışdı.

 

 

Bu maraqlıdır 2022-07-15 11:20:00