×
A
A
A
Sazlamalar

İsveçdə iki il fasilədən sonra “Midsommar” bayramına həsr olunan tədbirlər başlayıb VİDEO

Stokholm, 26 iyun, Rauf Əliyev, AZƏRTAC

İyunun 24-25-də İsveçdə ilin əsas bayramlarından biri - “Midsommar” yay gündönümü günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu bayram iyunun 19-dan sonrakı ən yaxın cümə və şənbə günündə keçirilir. İsveçlilər və digər Şimali Avropa xalqları üçün “Midsommar”, “Milad” bayramı ilə yanaşı böyük məna daşıyır. Bütpərəstlik kökləri olan bayram münasibətilə ölkədə həmişə qeyri-iş günləri elan edilir. İsveçlilər bu günləri adətən ailə üzvləri ilə birlikdə şəhərdən kənarda və ya parklarda baş tutan bayram tədbirlərində keçirirlər.
Bu il də Stokholmda, pandemiya ilə əlaqəli 2 illik fasilədən sonra təntənəli bayram yeri açıq səma altında məşhur “Skansen” etnoqrafik muzeyində baş tutub. Yüksək temperaturlu havaya baxmayaraq, bayramı qeyd etmək üçün əraziyə çoxlu sayda adam toplaşıb. Ənənəyə görə, tədbir bayramın əsas rəmzinin – uzun bayram şüvülünün insanlar tərəfindən çiçəklər və otlarla bəzədilməsi ilə başlanıb. Sonra böyüklər onu qaldırıblar və açıq ərazidə yerləşdiriblər. Tədbir bayram yarmarkası, habelə xalq mahnıları və rəqslərlə davam edib.
Qeyd edək ki, yay gündönümü günləri Şimali Avropanın bir çox ölkələrində, lakin müxtəlif adlarla qeyd edilir.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Bu maraqlıdır 2022-06-26 12:26:00

Video