×
A
A
A
Sazlamalar

Qırğızıstanın portalları Nizami Gəncəvi haqqında materiallar verib

Bişkek, 10 dekabr, АZƏRTAC

Qırğızıstanın “kabar.kg”, “today.kg” “barometr.kg”, “01.kg”, “asiatv.kg”,”nazarnews.org” və digər portalları Bişkek şəhərində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan tədbir haqqında geniş materiallar çap edib.
AZƏRTAC portallara istinadla xəbər verir ki, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasında təşkil olunan tədbir Azərbaycanın Qırğızıstandakı səfirliyinin, TÜRKSOY-un və “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Portallar yazır ki, tədbir Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevin “Nizami” bədii filminin nümayişi ilə başlayıb.
Bildirilir ki, tədbirdə ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub, Azərbaycanda və dünya ölkələrində böyük şairin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.
Diplomat vurğulayıb ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tarixinə, mədəniyyətinə və ədəbiyyatına göstərdiyi qayğı və diqqətin daha bir təzahürüdür. Ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin tanıdılması və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov deyib ki, Nizami Gəncəvi bütün Şərq ədəbiyyatının və incəsənətinin inkişafına öz təsirini göstərib. Böyük şairin “Xəmsə”si təkcə Azərbaycan poeziyasının deyil, bütünlükdə Şərq poeziyasının inkişafında böyük rol oynayıb.
Portallar bildirir ki, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kocageldi Kulteginin, Yazıçılar Birliyinin sədri Nurlanbek Kalıbekovun, “Manas” və Çingiz Aytmatov Milli Akademiyasının prezidenti Topçubek Tuqunalıyevin, bu akademiyanın Qırğızşünaslıq kafedrasının müdiri Abdraxman Alımbayevin çıxışları da maraqla qarşılanıb.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Mədəniyyət 2021-12-10 12:37:00